“GS1 Azerbaijan” Cəmiyyəti bölgələrdə yerli istehsalçılar üçün səyyar seminar-prezentasiyalar təşkil edir

“GS1 Azerbaijan” Cəmiyyətinin 2022-ci il üzrə sahəvi görüşlər planına əsasən bölgələrdə yerli istehsalçılar və xüsusilə ixracatçılar üçün ştrixkodlardan istifadə ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində “GS1 sistemi və ştrixkodların ixracatda rolu, Avtomatik identifikasiya texnologiyalarının əhəmiyyəti” mövzusunda seminar-prezentasiyaları davam edir.

2022-ci ilin əvvəlindən başlayaraq “GS1 Azerbaijan” Cəmiyyətinin əməkdaşları Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində ölkənin bir sıra regionlarında olmuş, seminar-prezentasiyalar təşkil etmişdir.

Cənub, şimal, şimal-qərb bölgələrində təşkil olunan seminarlarda ümumilikdə 100-ə yaxın kiçik və orta biznes nümayəndələri, o cümlədən, bir sıra otellərin nümayəndələri iştirak edib.

Seminarların əsas məqsədinin GS1 sistemi, onun istehsalatın müxtəlif mərhələlərində tətbiqi, həmçinin ştrixkod vasitəsilə inventarizasiyanın mahiyyəti və üstünlükləri barədə məlumat verilməsidir.

Seminarlar zamanı təqdim olunan prezentasiyada GS1 sistemi haqqında məlumatlara dair slaydlar nümayiş etdirilmiş, “GS1 Azerbaijan” Cəmiyyətinin fəaliyyət göstərdiyi müddətdə gördüyü işlər, nəaliyyətləri və gələcək planları barədə məlumatlar verilmişdir.

Seminarlarda ixracat prosesinin daha dəqiq, əlavə vaxt itkisinə yol vermədən təmin edilməsi üçün GS1 sisteminin həlləri barədə izahlar verilmişdir. Yerli kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətinin Rusiya Federasiyasına ixrac edildiyini nəzərə alaraq 2021-ci ildən etibarən Rusiyaya idxal edilən məhsullara dair GLN (Global Location Number) tələb olunduğu xüsusi qeyd edilmişdir. GLN-in inkişaf etmiş ölkələrdəki geniş istifadə mexanizmi, mahiyyəti və üstünlükləri barədə danışılmışdır. Bildirilmişdir ki, seminarlar sahibkarlar və onların nümayəndələrinin bu sahə üzrə biliklərin artırılmasına və gələcək fəaliyyətlərinin əvvəlcədən düzgün yönləndirilməsində köməkçi olacakdır.

Həmçinin “GS1 Azerbaijan” Cəmiyyəti və Dövlət Vergi Xidməti arasında bağlanan razılaşma və bu razılaşma əsasında yerli istehsalçıların məhsullarına dair məlumatların mübadiləsi, bu məlumatların e-qaimələrdə istifadəsinə dair məlumatlar verilmişdir. Bildirilmişdir ki, dövlət strukturları bu gün aksizli məhsullar üçün e-qaimə tərtibində məcburi xarakter daşıyan Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin – GTIN-in (Global Trade Item Number) yaxın gələcəkdə ölkə ərazisində istehsal olunan və həmçinin idxal edilən bütün məhsullara şamil edilməsi planlaşdırır.

Seminarların ikinci mərhələsində ştrixkod vasitəsilə inventarizasiya, avtomatik identifikasiya texnologiyaları barədə məlumatlar verilmişdir. Daha çox otel nümayəndələrinin marağına səbəb olan bu hissədə ştrixkod vasitəsilə inventarizasiyanın üstünlükləri, bu üsulla inventarizasiya üçün lazım olan avadanlıqlar nümayiş etdirilmişdir. Daha sonra isə, müasir texnologiya sayılan Radiotezlikli İdentifikasiya texnologiyası - RFID (Radio Frequency Identification) haqqında ətraflı müzakirələr aparılmış, bu texnologiyadan istifadəyə dair təcrübələr paylaşılmış və əyani vasitələr göstərilmişdir.

Seminarlar zamanı həmin mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılmış, onlara metodik vəsaitlər paylanmışdır.

Belə seminarların təşkili ölkənin digər bölgələrində də keçirilməyə davam edəcəkdir.

Gülanə Rəsulova – Əmtəə Nömrələmə Depozitariyası müdiri