Azərbaycanda ştrixkod istifadəçilərinin sayı artır

6 sentyabr 2022-ci il tarixində "GS1 Azərbaycan" şirkətinin ofisində GS1 sistemi üzrə beynəlxalq əmtəə kodlarından istifadə hüququ əldə etmiş yerli istehsalçılar üçün növbəti seminar təşkil edildi. Seminara qatılmış 25 iştirakçı üçün “GS1 standartları və onlardan istifadə təcrübəsi” mövzusunda geniş təqdimat keçirildi. Seminar iştirakçıları ştrix-kodlaşdırma texnologiyası, "istehsalçıdan istehlakçıyadək" məhsulun izlənməsi məqsədilə GS1 identifikatorlarının yeri haqqında çox sayda spesifik məlumat əldə etmiş oldu. İştirakçılar arasında seminar mövzusuna dair test-sorğunun keçirilməsi olduqca faydalı idi.

Seminarda içki, balıq, çörək və digər un məmulatları, kosmetika və s. istehsal edən müxtəlif növ sənaye sahələrinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları arasında “HSB Az Qida” MMC, “Az Diabet” MMC, “Çörək evi” MMC, “AzProduct” MMC, “Best Food Group” MMC, “Punto Kimya İdxalat İxracat Sənaye” MMC kimi şirkətlərin nümayəndələrini qeyd etmək olar.

   İştirakçılar seminar boyunca "GS1 Azərbaycan" mütəxəssislərinə ştrix-kodların istifadəsi ilə bağlı çoxsaylı suallar verdilər. Seminarın sonunda "GS1 Azərbaycan" şirkətinin Baş direktoru Vəfa Əliyev bütün iştirakçılara əmtəə məhsullarına tətbiq üçün beynəlxalq ştrix-kodlardan istifadə hüququnu təsdiq edən xüsusi sertifikatlar təqdim etdi. Bu gün Azərbaycanda GS1 ştrix-kod sistemindən 1100-dən çox əmtəə istehsalçısı istifadə edir.